Bir adamın iki oğlu var idi. Oğlanlardan kiçiyi atasına dedi: “Ata! Var-dövlətindən payıma düşəni mənə ver”. Atası da varını onların arasında bölüşdürdü.
Bir neçə gün sonra kiçik oğul nəyi vardısa, yığıb uzaq bir diyara yollandı. Orada pozğun həyat sürüb var-dövlətini heç-puç etdi. Oğlan hər şeyini xərclədikdən sonra o ölkədə böyük bir aclıq oldu. O korluq çəkməyə başladı. Buna görə də oğlan gedib o ölkənin sakinlərindən birinin yanında iş tapdı. Bu adam onu öz otlaqlarına donuz otarmağa göndərdi. Oğlan donuzların yediyi keçibuynuzu qabıqları ilə qarnını doydurmağa şad olardı. Amma heç kim ona bir şey vermirdi.
Onda oğlan özünə gəlib dedi: “Atamın nə qədər muzdlu işçisi var, hamısının da doyunca yeməyə çörəyi var. Mənsə burada acından ölürəm! Durub atamın yanına gedəcəyəm və ona deyəcəyəm: ‹Ata, mən göyə və sənə qarşı günah etdim. Mən artıq sənin oğlun adlanmağa layiq deyiləm. Məni öz muzdlu işçilərinin biri kimi qəbul et›”. O durub öz atasının yanına getdi.
Oğul hələ uzaqda ikən atası onu gördü. Ona rəhmi gəldi və qaçıb onun boynuna sarıldı və öpdü. Oğul dedi: “Ata! Mən göyə və sənə qarşı günah etdim. Mən artıq sənin oğlun adlanmağa layiq deyiləm”.
